Uzun illər boyu aldığı təhsili tamamlamaq istəyən bir tələbə ustadının xeyir-duasını almaq üçün ona müraciət edir.
Ustadı:
— Olsun, amma bir şərtim var. Sənə bir sual verəcəyəm ki, görüm bu illər ərzində sənə verdiyim elmi layiqincə öyrənmisən, ya yox. Suala düzgün cavab versən, biləcəyəm ki, zəhmətim hədər getməyib, və xeyir-duamı verəcəyəm.
Tələbə özünə arxayın halda:
— Buyurun, ustadım, soruşun, — deyir.
Ustadı:
— Övladım, təsəvvür et ki, kəndinə gedirsən və yolda bir çobanın bir sürü quduz iti sənə hücum edir. Təhlükə ilə üz-üzəsən. Canını qurtarmaq üçün nə edərsən?
— Əyilib yerdən bir neçə daş götürüb itlərə atar, onları qovaram.
— Amma, övladım, birinə daş atarsan, ikisinə atarsan — axı hamısının öhdəsindən gələ bilməzsən. Onlar bir-birinə qoşulub səni parçalayar.
— Onda qaçmağa üz qoyaram.
— Əmin ol ki, onlar səndən sürətli qaçar, gəlib səni yaxalayar. Onda necə?
Tələbə çarəsiz qaldığını anlayır və ustadından kömək istəyir.
Ustadı:
— Övladım, bu vəziyyətdən yalnız bir çıxış yolu var: çobanı səsləməli və ondan itlərini saxlamasını istəməlisən. İtlər çobanın səsini eşidən kimi yerlərində quruyub qalacaqlar.
Hər problem güclə həll olunmur. Bəzən bir addım geri çəkilib fərqli baxmaq ən qısa çıxış yoludur.