İman və mənəviyyat

İnanç, ibadət və ruhi yol axtarışına dair hekayələr. · 36 hekayə

Allahın dostu

Yaşlı bir adam ayaqqabısı olmayan bir uşaq görür, ona rəhmi gəlir və uşağa bir cüt ayaqqabı alır.

Uşaq ayaqqabıları əlinə alıb bir müddət onlara baxır, sonra başını qaldırıb soruşur:

— Sən Allahsan?

Yaşlı adamın əlləri titrəyir, gözləri dolur:

— Yox, ay bala, mən sadə bir insanam.

Uşaq bir az düşünür, sonra astaca deyir:

— Onda sən Allahın dostusan. Bu gecə ağlaya-ağlaya Allaha ayaqqabılarımın olmadığını demişdim.

Yaxşılıq bəzən göydən deyil, yaxşı insanların əli ilə gəlir. Bəlkə də kiminsə duasının cavabı olmaq elə sənin əlindədir.

Allahın dostu illüstrasiyası

Allahın rizası

Hacə Ubeydullah Əhrar deyir:

«Allahın rizasına aparan bütün yolları araşdırdım; ən qısasının insanları sevindirmək olduğunu gördüm.

Allahın rizasından uzaqlaşdıran bütün yolları araşdırdım; ən təhlükəlisinin qəlb qırmaq olduğunu gördüm.»

Rizaya aparan yolun ən qısası insanı sevindirmək, ondan uzaqlaşdıran ən təhlükəlisi isə bir qəlbi qırmaqdır.

Allahın rizası illüstrasiyası

Allahın verdiyi nemətlər

Allah kimə nemət veribsə, o neməti necə istifadə etdiyinə mütləq baxacaq:

güc veribsə — ədalətinə;

məqam veribsə — mərhəmətinə;

sərvət veribsə — əxlaqına;

hüzur veribsə — şükrünə;

ömür-gün yoldaşı veribsə — sədaqətinə;

övlad veribsə — onu necə yetişdirdiyinə.

Hər nemət eyni zamanda bir imtahandır. Sənin kimliyini əldə etdiklərin yox, onlarla necə davrandığın göstərir.

Allahın verdiyi nemətlər illüstrasiyası

Az yeyən və düz gedən

Az yeyənin həkimlə, düz gedənin hakimlə işi olmaz.

Ən yaxşı müdafiə xəstələnməmək, ən yaxşı haqq isə haqlı olmaqdır. Düzgün yaşayan nə bədəni, nə taleyi ilə çəkişməli olur.

Az yeyən və düz gedən illüstrasiyası

Doğru yoldan ayrılmamaq

Günlərin bir günü işsizlikdən, avaraçılıqdan, miras yeməklə vaxtını boşuna keçirən bir adam bu vəziyyətindən bezir və doğru yoldan ayrılmadan dürüst bir həyat yaşamaq üçün məsləhət almaq məqsədilə padşahın hüzuruna çıxıb ondan bir yol göstərməsini istəyir. Padşah bir az düşünüb adama belə bir iş buyurur: «Al bu ağzınacan zeytun yağı ilə dolu küpü və bir damla belə dağıtmadan şəhərin bu başından o biri başına apar. Bircə damla yerə düşsə, boynunun vurulacağını bil.» Nəzarət üçün də adamın yanına iki əsgər qoşur.

Adam bütün gücünü toplayıb, zəkasını işə salıb bir damla belə tökmədən küpü şəhərin o biri başına çatdırır. Sonra geri dönüb yenə padşahın hüzuruna çıxır: «Padşah sağ olsun, əmrinizi qüsursuz yerinə yetirdim» — deyir. Padşah «Şəhərdə nə gördün, nələrə şahid oldun?» deyə soruşur. O gün şəhərdə bazar qurulmuş, «iynə atsan yerə düşməz» qədər izdiham var imiş. Buna baxmayaraq adam padşaha belə cavab verir: «Padşah sağ olsun, canımın hayına qalıb küpdəki yağı yerə tökməmək üçün elə diqqətli idim ki, gözümü bir an belə küpdən ayırıb ətrafa baxa bilmədim. Bu səbəbdən nə bir kimsəni gördüm, nə də bir hadisəyə şahid oldum.»

Padşah bu dərsdən sonra könül rahatlığı ilə adama tövsiyəsini verir: «Əgər gördüyün hər işdə, sənə verilən hər vəzifədə belə diqqətli olar, özünü işinə verər və Allahın da gözünün daim üzərində olduğunu ağlından çıxarmazsansa, heç vaxt doğru yoldan ayrılmazsan.»

Gördüyü hər işə tam diqqətlə yanaşan, üstəlik Allahın onu gördüyünü unutmayan insan doğru yoldan azmaz.

Doğru yoldan ayrılmamaq illüstrasiyası

Dua gəlib tapsın səni

Ağsaqqallarımız buyurublar ki, sən —

bir yoxsulun əlindən tutan, bir fəqirin döyə biləcəyi qapı, bir yetimin başını oxşayan, bir uşağın ayağında başmaq, dara genişlik və zora asanlıq ol ki, ehtiyacın olan dua gəlib səni tapsın.

Möhtaca əl uzadan, yetimin başını sığallayan insan özü də duaya layiq olur. Yaxşılıq etdiyin əl bir gün sənə də açılar.

Dua gəlib tapsın səni illüstrasiyası

Dərviş qaşıqları

Bir gün dərvişdən soruşdular:

— Əsl sevənlərlə sevgidən yalnız söz edənlər arasında fərq nədir?

— Gözləyin, indi sizə göstərəcəyəm, — dedi dərviş.

Sözdə sevən bir neçə adamı çağırıb onlar üçün süfrə açdı. Qonaqlar yerlərini tutandan sonra süfrəyə isti şorba, ardınca isə «dərviş qaşıqları» adlanan qeyri-adi uzun qaşıqlar gətirildi. Dərviş şərtini bildirdi:

— Şorbanızı bu qaşıqların ucundan tutub yeyəcəksiniz.

Adamlar razılaşdı. Lakin qaşıqlar o qədər uzun idi ki, şorbanı ağıza çatdırmaq mümkün olmurdu — hər cəhddə şorba üstlərinə tökülür, adamlar özlərini yandırırdılar. Nəticədə ac qarına, xəcalət içində süfrəni tərk etdilər.

Sonra dərviş həqiqi sevginin nə olduğunu bilənləri çağırdı. Üzləri nurlu, gözləri məhəbbətlə dolu insanlar gəlib süfrəyə oturdular. Dərviş onlara da eyni şərti dedi. Bu dəfə mənzərə başqa idi: hər kəs qaşığını doldurub qarşısındakına uzatdı, biri o birini yedirtdi. Süfrə şənliklə doldu, hamı qarnı tox və şükür içində ayağa qalxdı.

Qonaqlar dağılandan sonra dərviş sual verənlərə üz tutdu:

— Gördünüzmü? Kim həyat süfrəsində yalnız özünü görür — ac qalar. Kim qardaşını, dostunu düşünüb ona əl uzadır — o da doyar. Həyat bazarında həmişə alan yox, verən qazanclıdır.

Həyat süfrəsində yalnız özünü düşünən ac qalar, qarşısındakını yedirən isə özü də doyar. Verən həmişə qazanır.

Dərviş qaşıqları illüstrasiyası

Dərviş əbası

Bir gün yaralı bir quş padşahşn hüzuruna gəlib bir dərvişin onun qanadını qırdığından şikayətləndi. Padşah dərvişi dərhal yanına çağırtdı.

— Bu quş səndən şikayətçidir. Niyə onun qanadını qırdın? — deyə soruşdu.

Dərviş özünü müdafiə etməyə çalışdı:

— Şah sağ olsun, mən bu quşu ovlamaq istədim. Yaxınlaşdım, o qaçmadı. Üstünə getdim, yenə yerindən tərpənmədi. Təslim olacağını düşünüb tutmaq istədiyim an qaçmağa cəhd etdi — elə o vaxt da qanadı qırıldı.

Padşah üzünü quşa çevirdi:

— Bu adam haqlıdır. Sən niyə qaçmadın? O, üstünə qəflətən hücum etməmişdi. Yaxınlaşdığını görüb vaxtında uça bilərdin. İndi isə hüzuruma gəlib şikayət edirsən.

Quş özünü haqlı çıxarmağa çalışdı:

— Onu dərviş qiyafəsində gördüyüm üçün qaçmadım. Ovçu olsaydı, dərhal uçub gedərdim. Amma «dərvişdən zərər gəlməz, onlar Allahdan qorxar» deyə düşündüm.

Padşah bir an susdu, sonra əmr verdi:

— Quş haqlıdır. Dərvişin qolunu qırın!

Quş dərhal etiraz etdi:

Xahiş edirəm, belə etməyin!

— Nədən? — deyə padşah soruşdu.

— Qolunu qırsanız, sağalandan sonra yenə eyni şeyi edər. Ən yaxşısı, üstündəki dərviş əbasını çıxartdırın ki, mənim kimi quşlar bir daha aldanmasın.

Zahiri müqəddəslik insanı əsl etməz. Libasa yox, əmələ bax — paltar adamı dərviş etmir.

Dərviş əbası illüstrasiyası

Dərvişin üst-başı

Dərvişdən soruşdular:

— Üst-başın niyə belə səliqəsizdir?

Dərviş cavab verdi:

— Daim daxilimi düzəltməklə məşğul olduğumdan zahirimi düzəltməyə vaxtım qalmır.

Daxili aləmini gözəlləşdirən insan zahiri qüsurları ölçü meyarına çevirməz. Çünki insanı gözəl edən geyimi deyil, qəlbinin təmizliyi və ruhunun işığıdır.

Dərvişin üst-başı illüstrasiyası

Ey Allahım, dərdlərimizə çarə et

Rəhman və Rəhim adınla dərdlərimizə çarə et,

Qəffar və Təvvab adınla günahlarımızı bağışla, tövbələrimizi qəbul et,

Rəzzaq adınla ruzimizə bərəkət ver,

Şafi adınla xəstələrimizə şəfa ver,

Fəttah adınla xeyirli qapılar aç.

İnsan acizliyini dərk edib səmimi dua edəndə qəlbi rahatlıq tapır. Dua ümidin və təvəkkülün dilidir.

Ey Allahım, dərdlərimizə çarə et illüstrasiyası

Ey Allahım, əvvəlcə dağa-daşa ver

Qədim türk ellərində belə bir dua varmış:

— Ey Tanrım, əvvəlcə dağa-daşa ver, meşəyə, heyvanlara, suya ver. Ondan sonra insanlara, qapı qonşuma, möhtac olana ver. Əgər qalarsa, ən sonda mənə ver!

Əsl comərdlik əvvəlcə başqalarını, sonra özünü düşünməkdir. Bu duada bütöv bir xalqın paylaşma mədəniyyəti yaşayır.

Ey Allahım, əvvəlcə dağa-daşa ver illüstrasiyası

Hacc ziyarəti

Hacc ziyarətində olan biri şeytana daş atma vaxtı gələndə daşı atmaq əvəzinə onunla özünü vurmağa başlayır. Ətrafdakılardan bir cavan heyrətlə soruşur: «Ay dayı, niyə daşla özünü döyürsən?» Adam belə cavab verir: «Oğul, de görüm, bizim buradakı şeytanla nə işimiz var? Biz gərək öz içimizdəki şeytanı daşqalaq edək, öz nəfsimizi tərbiyə edək, özümüzü paklayaq.»

* * *

Hərarət oddadır, sacda deyildir,

kəramət başdadır, tacda deyildir.

Hər nə axtarırsansa, özündə axtar,

Qüdsdə, Məkkədə, hacda deyildir.

Əsl mübarizə kənardakı şeytanla yox, insanın öz nəfsi ilədir. Kəramət daşda-tacda deyil, insanın öz içindədir.

Hacc ziyarəti illüstrasiyası

Halal tikə

Un təzə, su tərtəmiz olsa da, maya çürükdürsə, xəmir xəmir olmaz. O xəmirdən də çörək çıxmaz.

Sağlam xasiyyətli övlad yetişdirmək üçün onu halal tikə ilə bəsləmək vacibdir.

İmam Qəzali

Uşağın xasiyyəti yediyi tikədən başlayır. Halalla bəslənməyən qəlbdən sağlam əxlaq çıxmaz.

Halal tikə illüstrasiyası

Haqqın qüdrəti

Haqqın nə qılıncı əyilər, nə də biləyi bükülər.

Haqq əyilməz və bükülməz. Zaman keçsə də, güc dəyişsə də, sonda haqlı olan ayaqda qalar.

Haqqın qüdrəti illüstrasiyası

Haram pul

Bir gün yolla gedərkən qarşımda gedən birinin əlindən yerə bir miqrdar pul düşdü. Adətən belə hallarda «pulunuzu saldınız» deyə xəbərdarlıq edərdim, amma bu dəfə şeytana uydum, pulu yerdən götürüb cibimə qoydum.

Evə gələndə əhvalatı həyat yoldaşıma danışdım.

— Bir az da üstünə qoy, gedək kinoya, — dedi. «Olsun» dedim. Həftə sonu kinoya getmək qərarına gəldik.

Xanım təkid etdi: «İndi söz verirsən, amma sonra birdən imtina edərsən; yaxşısı budur, biletləri elə indidən onlayn al ki, arxayın olaq.» «Olsun» dedim və biletləri internet vasitəsilə aldım.

Özüm təmir ustasıyam. Pullu bir müştərim zəng vurub dedi ki, şənbə günü bağıma gəl, bir az işimiz var. «Bazar günü gələ bilərəmmi?» deyə soruşdum, amma müştərim «Yox, mümkün deyil» dedi. Kino biletlərini də tərs kimi şənbəyə aldığımıza görə buradan da xeyli zərər etdim.

Xülasə, şənbə günü gəldi. Biz xanımla evdən çıxmağa hazırlaşarkən gözlənilmədən qapı önündə qayınanam və qayınatamla rastlaşdıq.

«Kinoya gedirik» deyib yolumuza davam edəcəkdim ki, xanım məndən cəld tərpənib «Kinoya gedirik, gəlin siz də bizimlə gedək» deyəndə nə qədər çarəsiz olduğumu anladım.

Qayınanam ictimai nəqliyyatı bəyənmədiyi üçün kinoteatra taksi ilə getməli olduq. Taksi pulu da, təbii ki, məndən.

Kinoteatra çatdıq. İki dənə də əlavə bilet aldım. Üstəlik kino başlamazdan əvvəl hər kəs üçün bir qutu popkorn da almalı oldum — ayrı cür olmaz axı, kürəkən hamını qonaq etməlidir, çünki yolda pul tapıb! O popkornlara verdiyim pul qədər hətta qurbanlıq ət alanda belə xərcə düşməmişdim. Popkorn qutularını sürətlə boşaltdığımızdan film əsnasında gedib yenilərini almağa məcbur oldum. Bir sözlə, o tapdığım pula görə çox bədəl ödədim, amma cəzam hələ bitməmişdi. Demə, görəcəklərimiz hələ irəlidə imiş.

Nəhayət, kino bitdi, küçəyə çıxdıq. Çıxdıq, amma nə çıxdıq! Köhnə tanışlarımdan birinə rast gəldim. Aramızda köhnədən ədavət olduğu üçün qayınatamla qayınanam yanımda olsa da, o mənə bir-iki acı söz dedi. Buna dözə bilmədim. Dava düşdü. Düşdü, nə düşdü! Mən ona, o mənə — vur ki, vurasan. Qayınatam da işə qarışdı. Qısası, polis gələnə qədər mənim burnum, qayınatamın da qolu qırılmışdı. Polis məntəqəsində davamızı sülhlə bitirsək də, aldığımız xəsarətlərə görə həm özümün, həm də qayınatamın xəstəxana xərcini ödəmək mənim boynuma düşdü.

Bu yaxınlarda yenə yolla gedirdim. Gördüm ki, biri qabaqda dönər alır. Satıcı pulun qalığını qaytararkən qəpiklər yerə düşdü. Adam əyilib qalığı yerdən götürmədi. Dözə bilməyib dedim: «Ay qardaş, heç olmasa özünü düşünmürsən, bu pulu tapacaq adamı düşün; camaatın başını bəlaya salma, xahiş edirəm, o pulu yerdən götür.»

Alın təri ilə qazanılmayan pul insana xeyir gətirməz; çox vaxt tapdığından qat-qat artığını itirərsən. Halal olmayana əl uzatma.

Haram pul illüstrasiyası

İnam uğurun yarısıdır

İnam uğurun yarısıdır!

Bir məktəb direktoru bir neçə müəllim həmkarını otağına dəvət edib onlara belə deyir:

— Siz bizim ən yaxşı, ən bacarıqlı müəllimlərimiz olduğunuz üçün seçdiyimiz bir qrup ən zəkalı, bacarıqlı şagirdi sizin öhdənizə veririk. Vəzifəniz növbəti bir il ərzində onlara çox yaxşı təhsil verib daha yüksək səviyyəyə qaldırmaqdır. Sizə uğurlar diləyirəm.

Müəllimlər, şagirdlər və valideynlər bu təşəbbüsü çox gözəl fikir sayıb dərs ilinin bitməsini səbirsizliklə gözləyirdilər.

Nəhayət, dərs ili bitdi. Keçirilən sınaqlardan sonra məlum oldu ki, həmin şagirdlər şəhərin digər məktəbliləri ilə müqayisədə daha yüksək nəticə göstərmişdilər.

Direktor müəllimləri təbrik etdi və dedi: «Sizə bir etirafım var. Sizə həvalə etdiyimiz o şagirdlər heç də ən bacarıqlı uşaqlar deyildi — orta səviyyəli idilər. Onları biz təsadüfən seçmişdik.»

Bunu eşidən müəllimlər qürurlanıb şagirdlərin uğurunu öz peşəkarlıqlarının nəticəsi saymağa başladılar.

Direktor sözünə davam etdi: «Bir etirafım da var. Siz də ən bacarıqlı müəllimlər deyildiniz! Adlarınızı da bir torbaya doldurduğum kağızların arasından təsadüfən seçmişdim. Siz inandığınız üçün uğur qazandınız.»

İnam insanın içində gizlənən gücü oyadır; yüksək gözlənti isə bəzən yüksək nəticənin ilk səbəbi olur.

İnam uğurun yarısıdır illüstrasiyası

İşsiz şeytan

Bir dərviş fikrə dalıb düşünərkən birdən yanındakı şeytanı gördü. «Niyə belə zərərsizcə oturmusan?» deyə şeytandan soruşdu.

Şeytan yorğun halda başını qaldırıb suala sualla cavab verdi: «Siz insanlar bir-birinizə o qədər zərər vurur, o qədər acı yaşadırsınız ki, mənə görəsi iş qalırmı ki?»

İnsanlar bir-birinə o qədər zülm edir ki, şeytana iş qalmır. Pisliyin çoxu kənardan yox, öz içimizdən gəlir.

İşsiz şeytan illüstrasiyası

Kainat işığı

Böyük britaniyalı rəssam Uilyam Holman Hantın «Kainat işığı» əsəri London Kral Akademiyasında nümayiş etdirilir. Rəsmdə gecə vaxtı bir əlində fənərlə qapı önündə dayanmış, filosof görünüşlü bir adam təsvir olunub. Adam o biri əli ilə qapını döyür və onun açılacağı ümidi ilə gözləyir.

Rəsmi araşdıran bir sənətşünas Hanta müraciət edib soruşur: «Gözəl rəsmdir, amma mənasını anlaya bilmirəm. Adamın döydüyü qapı heç açılmayacaqmı? Bəlkə qapının dəstəyini çəkməyi unutmusunuz?»

Hant gülümsəyib belə cavab verir: «Bu, adi qapı deyil. Bu qapı insan qəlbini təcəssüm etdirir. Qapı yalnız içəridən açıldığı üçün bayırdan dəstəyi yoxdur. O qapı sizə içəridən açılmasa, içəri girə bilməzsiniz.»

Qəlbin qapısı yalnız içəridən açılır. Sevgi və xeyir zorla girmir — onları içəri sən özün buraxmalısan.

Kainat işığı illüstrasiyası

Kilsə zəngi

Qədim zamanlarda bir ölkədə belə bir qayda varmış: sadə bir insan öləndə kilsə zəngi bir dəfə, zadəgan öləndə iki dəfə, kralın yaxınlarından biri öləndə üç dəfə, kralın özü öləndə isə dörd dəfə çalınarmış.

Günlərin bir günü hər kəsin haqq axtarıb sığındığı bir məhkəmə bir vətəndaşı haqsız yerə məhkum edir və bu münasibətlə kilsə zəngi beş dəfə çalınır.

Camaat çaşqınlıq içində kilsəyə gəlib soruşur: «Keşiş əfəndi, kraldan da önəmli kim var ki, kilsə zəngi beş dəfə çalındı?»

Keşiş: «Əlbəttə var — ədalət. Bu gün ədalət öldü» deyə cavab verir.

Ədalət ölərsə, kraldan da böyük bir şey ölür. Haqqın yanında dur ki, zülm cəzasız qalmasın.

Kilsə zəngi illüstrasiyası

Molla və alim

Başqa məmləkətlərin birindən Teymurləngin yanına bir alim gəlir; tərcüməçi vasitəsilə çox söhbət etdikdən sonra bu məmləkətin alimləri ilə görüşmək istədiyini bildirir. Teymur bütün alimləri yığır. Ancaq bu alimlərdən heç biri əcnəbi alimlə mübahisəyə girişməyə cəsarət etmir. Axırda onların bu qədər qorxduğunu görən Molla mübahisəni öz üzərinə götürür.

Məclis qurulur. Əcnəbi alim yerdə bir dairə çəkib üzünü Mollaya tutur. Molla bir az fikirləşib dairəni iki yerə bölür. Görür ki, alim dinmir. Bir cızıq da çəkib dördə bölür, üç hissəsini özünə tərəf çəkir, bir hissəsini isə əcnəbi alimə verən kimi hərəkət edir. Əcnəbi alim razılaşır. Sonra alim əlini arxası yerə doğru yumulu halda tutub Molladan cavab gözləyir. Molla da əlini tam əksinə, barmaqlarını yerə doğru tutmaqla cavab verir. Alim buna da razı olur. Üçüncü dəfə alim özünü göstərib yeyir kimi hərəkət edir. Molla da tez cibindən bir yumurta çıxarır və qollarını quş qanadı kimi çırpır. Alim gülərək Mollanın əlindən öpür. Molla gedir.

Teymur tərcüməçi vasitəsilə alimə soruşur: «Bu işarələrdən biz heç nə anlamadıq.» Alim deyir: «Dünya haqqında fikirlər müxtəlifdir. Mən yerdə o dairəni çəkməklə yer kürəsinin yumru olduğunu deyib sizin alimin bu barədə fikrini bilmək istədim. Maşallah sizin alimə, tez kürənin ekvatorunu çəkdi, sonra dördə bölüb üç hissəsinin su, bir hissəsinin quru olduğunu bildirdi. Sonra mən kürə üzərindəki bitkilərin həyatı haqqında onun fikrini soruşdum. Aliminiz buna da düzgün cavab verdi — bütün bitkilərin yağış və günəş şüaları sayəsində yaşadığını dedi. Üçüncü sual kimi insan və heyvanlar haqqında fikrini bilmək istədim; o da tez bir yumurta ilə quşların da bu cinsə aid olduğunu mənə xatırlatdı.»

Alim gedəndən sonra Teymur Mollanı çağırıb alimlə sual-cavabını soruşur. Molla deyir: «Eh, alim... Mən də elə bildim ki, doğrudan da dərin adamdır. O, lap sarsaq, qarınqulunun biriymiş ki... Əvvəl yerdə bir dairə çəkib mənə dedi ki, ay indi burada bir tava qayğanaq olaydı. Mən də tez yarı bölüb dedim ki, hamısını sənə verməzlər, biz də varıq. Gördüm aşnam razı olmur. Tez bir də ortadan bölüb üç payını özüm götürdüm ki, görməmişlik eləsən, belə olar. Kişi gördü ki, qayğanaq əldən gedir, razı oldu. İkinci dəfə əlini göyə tutdu ki, bir qazan plovla necəsən. Mən də əlimi üzüaşağı tutub dedim: üstündə qarası olsa, yeyərəm. Üçüncü dəfə qarnını mənə göstərib dedi: yoldan gəlmişəm, acam. Mən də tez cibimdən yumurtanı çıxartdım ki: canın üçün, mən özüm səndən də acam, özü də cibimdə bircə yumurta var, heç üz vurma, verə bilməyəcəyəm.»

Eyni işarə hər kəsin öz dünyasına görə fərqli oxunur. İnsan qarşısındakını çox vaxt öz düşüncəsinin güzgüsündə görür.

Molla və alim illüstrasiyası

Möcüzənin qiyməti

(Olmuş əhvalat)

Valideynlərinin kiçik qardaşı Oliver haqqında danışdıqlarını eşidəndə Lizanın səkkiz yaşı var idi. Qızcığazın bildiyi tək şey o idi ki, qardaşı çox ağır xəstədir və ata-anasının onun müalicəsi üçün pulu yoxdur.

Yalnız çox bahalı bir əməliyyat Oliveri xilas edə bilərdi. Onlara borc verəcək bir kimsə də yox idi. Liza atasının pıçıltı ilə gözüyaşlı anasına çarəsizcə «indi onu ancaq möcüzə xilas edə bilər» dediyini eşitdi.

Qız otağına girib şkafın gizli yerində saxladığı şüşə qabı çıxardı. Qabın içindəki bütün pulu yerə töküb diqqətlə saydı — hətta bunu bir neçə dəfə etdi. Sayıb qurtarandan sonra sikkələri ehtiyatla qaba qoyub qapağını bağladı və arxa qapıdan çıxıb əczaxanaya yollandı.

Əczaxanaya çatan kimi içəri girdi və səbirlə əczaçının ona diqqət yetirməsini gözləməyə başladı. Əczaçı məşğul idi, başı söhbətə qarışmışdı. Liza müxtəlif hərəkət və səslərlə diqqətini çəkmək istəsə də, adam səssiz qaldı. Nəhayət, qızcığaz pulunun bir hissəsini qabdan çıxarıb şüşə piştaxtaya çırpdı. Əczaçı diksindi:

— Qızım, sən nə istəyirsən? — deyə əsəbi halda soruşdu və cavabını gözləmədən əlavə etdi: — Bu dəqiqə uzun müddətdir görmədiyim qardaşımla söhbət edirəm.

— Mən də sizinlə qardaşım haqqında danışmaq istəyirəm, — deyə Liza da eyni əsəbiliklə cavab verdi. — O xəstədir... Onu sağaltmaq üçün mənə möcüzə lazımdır.

— Nə? Möcüzə istəyirsən? — deyə əczaçı daha da qıcıqlandı.

— Onun adı Oliverdir, beynində bəd bir şey böyüyür. Valideynlərim deyir ki, indi onu yalnız möcüzə xilas edə bilər. Deyin, bir möcüzənin qiyməti nə qədərdir?

— Biz burada möcüzə satmırıq, qızım. Bağışla, amma sənə kömək edə bilməyəcəyəm, — deyə əczaçı bir az yumşaq səslə dilləndi.

— Baxın, mənim pulum var. Yetməsə, qalanını da tapıb gətirərəm. Sadəcə möcüzənin qiymətini deyin.

Bu ana qədər söhbəti kənardan izləyən, zövqlə geyinmiş bir adam — əczaçının qardaşı — əyilib Lizadan soruşdu:

— Sənin qardaşına necə bir möcüzə lazımdır?

— Bilmirəm, — deyə Liza cavab verdi. — Mən sadəcə onu bilirəm ki, o, həqiqətən xəstədir, atam-anam onun əməliyyata ehtiyacı olduğunu deyir. Valideynlərimin əməliyyat üçün pulu olmadığından mən öz pulumu xərcləməyə qərar vermişəm.

— Nə qədər pulun var? — deyə adam soruşdu.

— Bir dollar on bir sent, — deyə Liza ağır-ağır cavab verdi. — Bu, mənim bütün pulumdur, amma lazım olsa, bir az da artıra bilərəm.

— Bir dollar on bir sent... Nə gözəl təsadüf, — deyə adam gülümsədi. — Bu, elə tam olaraq sənin kiçik qardaşına lazım olan möcüzənin qiymətidir.

Adam qızdan pulu aldı, əlindən tutub dedi:

— Məni evinizə apar. Qardaşını görmək, valideynlərinlə danışmaq istəyirəm. Baxaq görək, məndə qardaşına lazım olan möcüzə varmı.

Bu gözəl geyimli adam tanınmış neyrocərrah doktor Karlton Armstronq idi.

Əməliyyat pulsuz başa çatdı və çox keçmədən Oliver yenidən evinə döndü. Ana və ata çox məsud idilər. Ana pıçıltıyla ataya dedi: «Bu, əsl möcüzə oldu. Görəsən, əməliyyat neçəyə başa gələcəkdi?»

Lizanın dodaqları qaçdı, özündən razı halda gülümsədi. Çünki o, bu möcüzənin neçəyə başa gəldiyini dəqiq bilirdi: bir dollar on bir sent — bir də qızcığazın qardaşını sağalda biləcək möcüzənin mövcudluğuna inamı.

İnam möhtəşəm bir qüvvədir. Bəzən bir uşağın saf inamı bir insanın xeyirxahlığı ilə görüşəndə möcüzə yaranır.

Möcüzənin qiyməti illüstrasiyası

Müsibət nədən gəlir

Dərvişdən soruşurlar:

— Müsibət nədən gəlir?

Dərviş deyir:

— Gözünü yoxla gör, harama baxmısanmı?

— Dilini və qulağını yoxla gör, qeybət qırıb dedi-qoduya qulaq vermisənmi?

— Əlini yoxla gör, harama əl uzadıb ruzinə haram qatmısanmı?

— Ayağını yoxla gör, olmamalı olduğun yerə getmisənmi?

Başımıza gələnin kökünü çox vaxt öz əməllərimizdə tapmaq olar. Gözünü, dilini, əlini və addımını yoxla.

Müsibət nədən gəlir illüstrasiyası

Müsibət və nemət

Əgər müsibət səni Allaha yaxınlaşdırırsa, nemətdir.

Əgər nemət səni Allahdan uzaqlaşdırırsa, müsibətdir.

Səni Allaha yaxınlaşdıran çətinlik nemət, Ondan uzaqlaşdıran nemət isə müsibətdir. Ölçü rahatlıq yox, istiqamətdir.

Müsibət və nemət illüstrasiyası

Niyə dünyanın son gününü gözləyirsiniz

Niyə dünyanın son gününü gözləyirsiniz?

Bir gün Amerikada universitetlərin birində müəllim dərsə başlayarkən tələbələrə belə müraciət edir:

— Bir anlıq düşünün ki, bu gün dünyanın son günüdür. Sabah bu vaxt artıq hər şey bitəcək. Xilas olmaq şansınız da yoxdur. Belə olsa, nə edərdiniz?

Tələbələr müxtəlif cavablar verir:

— İbadət edər, Allahdan günahlarımın bağışlanmasını diləyərdim.

— Bütün sevdiklərimlə vidalaşardım.

— Qalan vaxtımı ailəmə həsr edərdim.

— Anama və ya atama baş çəkərdim.

— Son dəfə bütün sevdiyim yeməkləri yeyərdim.

— Doyunca yatardım.

— Son dəfə meşədə gəzər, yaşıllıqdan zövq alardım.

— Son dəfə günəşin çıxmasını və batmasını seyr edərdim.

— Axşam ulduzları seyr edərdim.

— Ən sevdiyim yeməyi hazırlayar, sevdiyim bütün insanları axşam yeməyinə dəvət edərdim.

— Həyatda ən çox getmək istədiyim yerə gedər, ölümü orada gözləyərdim.

— Xətrinə dəydiyim insanları axtarıb tapar, məni bağışlamaları üçün onlardan üzr istəyərdim və sair.

Müəllim deyilən cavabların hamısını lövhəyə yazır, sonra gülərək:

— Uşaqlar, bütün bunları etmək üçün niyə dünyanın son gününü gözləyirsiniz?

Gözəl əməllər üçün son günü gözləmə. Sevməyi, bağışlamağı, dəyər verməyi elə bu gün, indi et.

Niyə dünyanın son gününü gözləyirsiniz illüstrasiyası

Oruclu olmaq

Bir neçə gənc Ramazan ayında yaşlı bir kişinin bir guşədə oturub yemək yediyini görür. Yaxınlaşıb lağla soruşurlar:

— Xeyir ola, dayı, yemək yeyirsən, oruclu deyilsənmi?

Yaşlı adam: — Əlbəttə, orucluyam, sadəcə su içib yemək yeyirəm.

Gənclər gülür: — Bu nə cür oruc tutmaqdır?

Yaşlı adam deyir: — Əlbəttə, orucluyam. Yalan danışmıram, kimsəyə pis gözlə baxmıram, kimsəni lağa qoymuram, israf etmirəm, kimsəyə həqarət etmirəm, qeybət qırmıram, kimsənin malına göz dikmirəm. Müəyyən bir xəstəlikdən əziyyət çəkdiyim üçün yalnız mədəmə oruc tutdura bilmirəm. — Sonra gənclərə üz tutub soruşdu:

— Bəs siz necə, oruclusunuzmu?

Gənclər xəcalət çəkib başlarını aşağı saldılar: — Xeyr, oruclu deyilik, sadəcə yemək yemirik.

İnsan yeməkdən çəkinib yalandan, qeybətdən, həqarətdən və pis əməldən çəkinmirsə, orucun mənəvi ruhunu tam yaşamır.

Oruclu olmaq illüstrasiyası

Qab-qacağınızı yuyarkən dua edin

Qab-qacağınızı yuyarkən dua edin. Yuyulacaq qablarınızın olduğu üçün şükür edin. Çünki bu, yeməyə bir şeyinizin olduğunu, kimisə doyurduğunuzu, kiminsə qayğısına qaldığınızı, yemək hazırlayıb süfrə açdığınızı göstərir.

O anda yuyulacaq bir qabı belə olmayan, süfrə açacağı heç kimi olmayan insanları düşünün.

Sahib olduğun sadə şeylərə şükür et: yuyulacaq qabın olması süfrən, sevdiklərin olduğu deməkdir. Şükür azı da çox edir.

Qab-qacağınızı yuyarkən dua edin illüstrasiyası

Qismət olarsa görüşərik

Həmişə «görüşərik» deyən adam indi «qismət olsa, görüşərik» deyir. Burada bir qəriblik var. Mən dəyişməmişəm, ona münasibətim də əvvəlki kimi istidir. Onunla yenə böyük məmnuniyyətlə görüşmək istərdim. Amma bu «qismət olsa» sanki aramızda bir sədd olub. Mən onun qismətindən xəbərsizəm, o da mənimkindən. Görəsən, bu iki qismətin bir-birindən xəbəri varmı, öz aralarında razılaşıb bizi görüşdürə bilərlərmi?

Bəlkə də qismətdən heç nə ummaq lazım deyil və bu, sadəcə «gözdən uzaq, könüldən iraq» deyiminin təcəssümüdür?

Heç sevmədim mən bu «qismət olsa» ifadəsini.

Sevdiklərinlə arana soyuqluq buraxma. «Qismət olsa» deyib təxirə salma — bu gün görüş, bu gün könül al.

Qismət olarsa görüşərik illüstrasiyası

Qurban əti

Məktəbin 5-ci sinfində oxuyurdum. Kimsəyə möhtac deyildik. Bənna olan atam tikilməkdə olan bir kooperativə üzv olmuşdu. «Altı-yeddi ay çəkməz, öz evimizə köçərik» deyə xəyallar qururduq.

Bir gün səhər qorxunc bir silkələnmədən oyandıq. Zəlzələ olmuşdu. Çox şükür, nə bizdə, nə də yaxın ətrafımızda pis bir şey olmamışdı. Binamızdakı heç kimə zərər dəyməmişdi. Amma evimiz, canımız salamat olsa da, bu hadisə ailəmizə başqa bir dərd gətirmişdi: zəlzələ nəticəsində inşaat işləri dayanmış, atam işsiz qalmışdı.

Nə qədər qənaət etməyə çalışsaq da, atamın arabir tapdığı təmir işlərindən qazandığı pul evimizi dolandırmağa çatmırdı.

Qış boyu atama iş tapılmadı. Ümidlə gedir, üzülərək geri dönürdü.

Ramazan bayramına bir neçə gün qalmışdı. Atam evə sevinclə gəldi — iş tapmışdı. «Sənədlərini hazırla, gəl» demişdilər. Sevinclə xəbər verib ildırım sürəti ilə evdən çıxdı. «Bu gün çatdırmalıyam» dedi.

Bir neçə saat keçmişdi ki, qapı qonşumuz təlaşla içəri girdi. Üzündə hürküdücü bir ifadə vardı.

— Qorxmayın, amma atanız kiçik bir qəzaya uğrayıb, — dedi.

Xəstəxanaya gələndə atamın üzü sap-sarı idi. Qolu və ayaqları sarğılı idi. Qırmızı işıqda sürətlə gələn bir maşın atamı vurmuşdu. Biz sağ olduğuna dua edəndə, atam gözlərindən axan yaşı utana-utana gizlətməyə çalışaraq: «Niyə sağ qaldım, yükünüzü artırdım» deyirdi.

Bir müddət sonra atam evə gəldi. Sobamız yanmırdı, evimiz soyuq idi. Bir neçə qonşumuz bələdiyyəyə zəng edib bizim üçün kömür istəmişdi. «Olmaz» demişdilər — əvvəlcədən qeydiyyatdan keçmək lazım imiş.

Beləcə, «şəkərsiz» Ramazan bayramımız da gəlib keçdi. Bütün çətinliklərə baxmayaraq hava bir az isinmiş, atamın qolundakı sarğı açılmışdı, amma ayağı hələ sarğılı idi.

Ardınca Qurban bayramı gəldi. Ürəyimdə düşünürdüm: «Binamızda 12 mənzil var, bir çoxu qurban kəsəcək. Necə olsa bizə də bir pay verərlər, anam da sevdiyim ət yeməklərindən bişirər.» Mən pəncərədən seyr edəndə qarşıdakı boş ərazidə qurbanlar kəsildi, soyuldu, ləyən-ləyən ət evlərə daşındı. Hər qapı açılanda evlərdə qovrulan ətin ləzzətli qoxusu bizim evə qədər yayılırdı. Amma nə yazıq ki, bizə bir tikə ət gətirən belə olmadı.

Bu arada nənəm bayramımızı təbrik etmək üçün kənddən zəng vurdu. Danışanda səsimdən narahat olduğumu hiss etdi. Israrla, təlaşla: «Atanın halı pisləşdi?» deyə soruşdu.

«Yox» dedim yavaşca. «Qonşular bizə qurban əti vermədilər.»

Yay aylarında kəndə, nənəmgilə gedərdik. Onun bir inəyi, beş-altı da toyuğu vardı. İnəyi yaxşı süd verirdi. Sağanda nənəm ona mahnılar oxuyardı.

Bayramın üçüncü günü səhər tezdən qapımız döyüldü. Gələn nənəm idi. Sevinərək onu qarşıladıq. Ağlaya-ağlaya hamımıza sarıldı. «Quzularım, ay quzularım, sizə çoxlu ət gətirdim» dedi.

Soyuducunu ağzınacan ətlə doldurduq. Bacım tez ətləri doğradı. Ət bişəndə yayılan ləzzətli qoxu iki gündür qabaran iştahımı daha da körükləyirdi. Ağzım sulana-sulana gəlib ocağın başında durdum. Süfrəni gözləməyə səbrim qalmamışdı. Çəngəli götürüb ətə batırdım. Üfürə-üfürə tikəni ağzıma aparırdım ki, atamın nənəmə dediyi sözlər az qala qulaqlarımı deşdi:

— Ah, ana, ah! Niyə kəsdin o inəyi?

Ürəyim bulandı, başım gicəlləndi. Əlimdəki çəngəli atıb qaçaraq çölə çıxdım. Nənəmin ümidi, mahnılar oxuya-oxuya sağdığı o inək mənim canım ət istədi deyəmi kəsilmişdi?

Süfrə quruldu, qolumdan çəkib israrla oturtdular. Yenə çəngəli istəksiz və utana-utana batırdım. Tikə boğazıma ilişib qalmışdı. Gözümdən yaş töküldü. «Nə oldu, nəyin var?» deyə soruşdular.

— Dişimmm!.. — dedim. — Dişim çox ağrıyır.

Bayram hamının bayramı olanda əsl bayramdır. Bolluq içində evində ət görməyəni, ehtiyaclını unutmamaq insanlığın borcudur.

Qurban əti illüstrasiyası

Qırx çıxarma

Türk ellərinin doğuşdan sonra ananın və körpəsinin 40 gün evdən çıxmaması, evlərinə qonaq-qara gəlməməsi kimi bir adəti var. Deyilənə görə, bu, qədim türk adətlərindəndir və ta Göytürklərə qədər gedib çıxır.

Vaxt dolanda uşağın qırxının çıxması belə qeyd olunarmış: ana-bala yaxın qohumlardan birinin evinə qonaq dəvət olunar, ev yiyəsi də körpənin adına — ömrü boyu bol qazanclı olsun deyə XIRDA PUL; saçı ağarana qədər uzunömürlü və yumşaq qəlbli olsun deyə PAMBIQ; ağzı həmişə şirin olsun, üzü daim gülsün deyə ŞƏKƏR; evlərinə bərəkət gəlsin deyə DÜYÜ; ağzının dadı qaçmasın deyə DUZ; qarnı tox, sırtı möhkəm olsun deyə YUMURTA kimi hədiyyələr verərmiş.

Adətlərimizin hər birində bir xeyir-dua, bir sevgi gizlənir. Körpəyə verilən hədiyyələr əslində ömrünə tutulan gözəl arzulardır.

Qırx çıxarma illüstrasiyası

Ramazan duası

Ulu Tanrı etdiyimiz duaları qəbul etsin, ruzimizə bərəkət qatsın, xəstələrimizə şəfa versin, günahlarımızı bağışlasın, önümüzdə xeyirli qapılar açsın, qəlblərimizi sevgi və mərhəmətlə doldursun!

Ramazan bayramınız mübarək olsun!

Səmimi dua qəlbi ümidlə, mərhəmətlə doldurur. Bərəkət, şəfa və bağışlanma diləyi insanı Yaradana yaxınlaşdırır.

Ramazan duası illüstrasiyası

Sən özün yardım et uca Allahım

Sən özün yardım et, uca Allahım!

Hüzursuz olana, evsiz qalana,

Yetim olana, kimsəsiz qalana,

Möhtac olana, ac-susuz qalana,

Xəstə olana, əli darda qalana,

Könlü yarda olana, gözü yolda qalana,

Ümidsiz olana, çarəsiz qalana,

Qəflətdə olana, nursuz qalana,

Arzusu olana, xəyallar qurana,

İmansız olana, Sənsiz qalana —

Sən özün yardım et, uca Allahım!

Çarəsizlərin, kimsəsizlərin, ümidsizlərin ən son sığınacağı Yaradandır. Dua ən dərin ehtiyacın dilidir.

Sən özün yardım et uca Allahım illüstrasiyası

Şeytanı daşlama

Həcc ziyarətində olan biri şeytana daş atma vaxtı gələndə daşı atmaq əvəzinə onunla özünü döyməyə başlayır. Ətrafındakı bir cavan heyrətlə soruşur:

— Ay dayı, niyə daşla özünü döyürsən?

Adam belə cavab verir:

— Oğul, de görüm, bizim buradakı şeytanla nə işimiz var? Biz gərək öz içimizdəki şeytanı daş-qalaq edək, öz nəfsimizi tərbiyə edək, özümüzü paklayaq.

Əsl mübarizə kənardakı şeytanla yox, insanın öz nəfsi ilədir. Özünü paklamaq başqasını qınamaqdan çətin, amma dəyərlidir.

Şeytanı daşlama illüstrasiyası

Şəhadət şərbəti içmək

Osmanlı zamanı müharibələrdə ağır yaralanıb can verməkdə olan əsgərlərə, şəhid olmazdan öncə ağızları şirinləşsin deyə, həkimlər özləri ilə daşıdıqları kiçik çəlləklərdən zəmzəm suyu ilə hazırlanmış şərbət içirərmiş. «Şəhadət şərbəti içmək» deyimi buradan yaranıb.

Hər ifadənin arxasında bir tarix, bir fədakarlıq dayanır. Dilimizdəki sözlər keçmişimizin yaddaşını daşıyır.

Şəhadət şərbəti içmək illüstrasiyası

Əlifim nöqtələndi

Türkiyə türkcəsində «elifim noktalandı» kimi bir ifadə var. Bu ifadə əski Osmanlı yazısında «əlif» (ا) hərfi ilə «hə» (ه) hərfinin yan-yana yazılmasından (اه) yaranır. «Əlif»dən sonra gələn «hə» biçimcə nöqtəni xatırlatdığı üçün «əlifim nöqtələndi» deyilir və bu, məcazi mənada «nəşəm kədərə döndü» anlamını verir. Çünki «əlif» hərfi uzun, incə görünüşü ilə sərbəstliyi və gözəlliyi, «hə» hərfi isə bükük, sanki əzilmiş görünüşü ilə sıxıntı və çöküşü ifadə edir.

Bu iki hərf birləşəndə isə «ah» fəryadı ortaya çıxır.

Bəzən bir hərfin, bir anın dəyişməsi sevinci kədərə çevirir. Dilimizdəki hər ifadə bir duyğunun, bir hekayənin izini daşıyır.

Əlifim nöqtələndi illüstrasiyası

Əlin işdə, ümidin Allahda

Keçmiş zamanlarda bir dərviş varmış. Günlərinin çox hissəsini tənhalığa çəkilib ibadətlə keçirərmiş. Ancaq camaata möhtac olmağı da xoşlamazmış, ona görə günün bir hissəsini işə ayırarmış: bir az işləyər, əlinin zəhməti ilə qazandığı pula çörək alar, ehtiyacından artığını isə kasıblara paylayarmış.

Bir gün yenə səhrada ibadətlə məşğul ikən gözü bir tülküyə sataşır. Tülkünün ayaqları şikəst imiş, sürünə-sürünə güclə irəliləyirmiş. Dərviş öz-özünə fikirləşir: "Görəsən, bu tülkü nə ilə dolanır? Vəhşi heyvanlar ov hesabına yaşayır, ov üçün isə iti ayaq gərəkdir. Bu biçarənin ayağı yoxdur. Görəsən, Allah bunun ruzisini haradan yetirir?"

Bu fikirdə ikən görür ki, uzaqdan bir aslan ovladığı ceyranı dişində sürüyə-sürüyə gətirir. Aslan ovunu yerə qoyub parçalayır, doyunca yeyir, sonra qalığını orada qoyub uzaqlaşır. Bayaqdan pusquda duran şikəst tülkü sürünə-sürünə gəlir, ətdən yeyib qarnını doyurur.

Dərviş bu işə mat qalır. Aslanın əli ilə tülküyə ruzi yetirən Allaha həmd edir. Sonra ağlına belə bir fikir gəlir: "Madam ki, bu tülkü heç nə etmədən ruzisini tapır, Allah-təala mənim ruzimi niyə yetirməsin? Mən ibadətə ayıracağım saatları kəsib işə sərf edirəm. Halbuki həmin saatlarda da Rəbbimə ibadət edib savab qazana bilərəm. Bundan sonra işləməyəcəyəm. Şikəst tülkünün yemini aslanın ayağına göndərən Allah mənim də ruzimi bir yolla yetirər."

Həmin gündən dərviş işin daşını atır, gecə-gündüz özünü ibadətə verir. Amma nə qədər gözləsə də, ruzi gəlmir. Nə qapısını döyən olur, nə bir tikə çörək gətirən. Dərviş gündən-günə əriyir, bir dəri, bir sümük qalır.

Nəhayət, taqətdən düşdüyü bir gün qeybdən bir səs eşidir:

— Sənə sağlam bədən, güclü qol, iti ayaq verdim. Sən isə özünü şikəst bir tülküyə bənzətdin. Niyə aslana yox, tülküyə tay tutursan özünü? Niyə başqasının artığına göz dikirsən? Qalx, aslan kimi çalış, ruzini özün qazan. Qoy əlsiz-ayaqsızlar səndən umsun. Həm özün ye, həm möhtaca yedizdir.

Dərviş etdiyindən utanır, tövbə edib əvvəlki həyatına qayıdır. Yenidən əlinin zəhməti ilə ruzi qazanır, başqasına yük olmaq fikrindən birdəfəlik əl çəkir.

Gücü olduğu halda möhtacın payına göz dikən adam təvəkkül etmiş olmur — sadəcə tənbəlliyini imanla pərdələyir.

Əlin işdə, ümidin Allahda illüstrasiyası

Ən gözəl nəsib

Dərvişdən soruşdular:

— İnsanın başına gələ biləcək ən gözəl nəsib nədir?

Dərviş dedi:

— Səni dinləmək istəyən birinə rast gəlməkdir.

İnsanın başına gələ biləcək ən gözəl nemət səni səmimi dinləmək istəyən bir insandır. Dinlənilmək sevilməyin başqa adıdır.

Ən gözəl nəsib illüstrasiyası