Balıq dükanında
Adamın iş günü bitmişdi, evə getmək vaxtı idi. O, ofisdən çıxıb avtobus dayanacağına doğru yönəldi. Yaxınlıqdakı balıq dükanının yanından keçərkən:
— Həm qızım, həm də yoldaşım balığı çox sevir; qoy bu axşam onları sevindirim, bir az balıq alıb evə aparım, — deyib dükana girdi.
Satıcıya yaxınlaşıb ondan bir kilo balıq çəkməsini istədi. Sonra bir az düşündü:
— Qardaş, istəsən, iki kilo çək, — dedi.
— Gözüm üstə, — deyə balıqçı balıqları tərəzinin gözünə doldurmağa başladı.
Elə bu anda əynində nimdaş palto olan ixtiyar bir qadın ürkək addımlarla onlara yaxınlaşdı:
— Oğlum, mənə də balıq alarsanmı? — deyə məzlum baxışlarla adama müraciət etdi.
— Əlbəttə, xala, alaram, — dedi və satıcıya:
— Dörd kilo et: ikisi mənim, ikisi də xalanın, — dedi.
— Xala, balıq işi düzəldi, amma yanında çörək də gərəkdir. Çörəyin var? — deyə adam yaşlı qadına tərəf döndü.
Qadın sanki dilini udmuşdu, səsi çıxmadı. Sonra qısıla-qısıla:
— Yoxdur, övladım, — deyə zəif səslə dilləndi.
Adam tələm-tələsik yolun o biri tərəfindəki çörək dükanına qaçdı, dörd çörək alıb qayıtdı. Xalanın çörək payını verdi:
— Xala, daha bir istəyin varmı? — deyə soruşdu.
Qadın əlini cibinə salıb bir dərman şüşəsi çıxardı və utana-utana:
— Var, oğlum, — dedi. — Bu, mənim göz dərmanımdır. Sonuncu dəfə iki ay əvvəl ala bilmişdim, indi şüşə boşalıb. Gözlərim getdikcə pis görür, yenisi lazımdır.
Adam şüşəni qadının əlindən götürüb aptekə yollandı. Bu vaxt baş verənləri heyrətlə seyr edən balıq satıcısı bir stul gətirib qadına oturmağı təklif etdi:
— Xala can, bu igid oğlan gələnə qədər sən burada otur.
Az sonra adam əlində yeni dərman şüşəsi ilə qayıdanda balıqçının xalaya yer verdiyini görüb ürəyində «əhsən, mərhəmətli insan» dedi və dərmanı qadına uzatdı:
— Daha bir istəyin varmı, ana? — deyə soruşdu.
Cavab gəlmədiyini görəndə əlini cibinə salıb olan-qalan bütün pulunu çıxarıb ixtiyara verdi. Qadın:
— Allah səndən razı olsun, övladım, — deyə-deyə üzündə təbəssümlə evinə yollandı.
Adam savab iş gördüyünə görə məmnun halda avtobusuna minmək üçün dayanacağa yönələndə balığın pulunu ödəmədiyi yadına düşdü. Cibində bir qəpik də qalmadığından günahkar baxışlarla balıqçıya baxdı. Balıqçı sadəcə gülümsədi:
— Get, qardaşım, halal olsun, — dedi.
Adam şükür edərək dayanacağa yönəldi, amma yol pulu da olmadığından evə piyada getməli oldu. Eybi yox, hardasa yarımsaatlıq yol idi, tezliklə çatacaqdı. Evə zəng etdi.
— Ata, hardasan? Nə vaxt gəlirsən? — deyə qızı soruşdu.
— Qızım, gülüm, çox çəkməz, tezliklə gələcəyəm. Anana de ki, balıq almışam; axşam balıq yeyəcəyik, — deyib evə tərəf yollandı.
Ürəyində sevinə-sevinə əllərini göyə qaldırdı:
— Allahım, sənə şükürlər olsun, bu gün məni savab sahibi etdin, — deyə dua etdi.
Yağmağa başlayan yağış üzündən addımlarını yeyinlətdi; gözündən axan yaşlar isə yanağından süzülüb küçə boyu axan su selinə qarışdı.
Yaxşılıq üçün əlverişli an gözləmə; o, böyük imkanın deyil, geniş ürəyin işidir. Ürəyi bol olan kasıbkən də xeyir yolunu tapar.