Mariya anası ilə birlikdə Nyu-Yorkda kiçik bir mənzildə yaşayırdı. Böyük bir şirkətdə katibə işləyirdi; həyatı olduqca darıxdırıcı və adi idi.
İşdə heç kim ona fikir vermirdi...
Bir səhər işə gedərkən Mariya küçədə yeni bir papaq mağazasının açıldığını gördü. Maraqla içəri girdi.
Mağazada anası ilə bir balaca qız, bir də özünə papaq axtaran başqa bir müştəri var idi. Mariya bir neçə papağı geyib yoxladı. Birindən çox xoşu gəldi, onu başına qoydu. Papaq ona çox yaraşdı.
Mariyanı izləyən balaca qız: «Ana, gör o papaqlı qadın necə gözəl görünür!» deyə səsləndi.
Ana Mariyaya müraciət etdi:
— Xanım, bu papaq sizə çox yaraşır, — dedi.
Digər müştəri də yaxınlaşdı: «Xanım, siz bu papaqda çox gözəl görünürsünüz!»
Mariya güzgüyə tərəf getdi, özünə baxdı.
Həyatında ilk dəfə idi ki, güzgüdəki əksini bu qədər bəyənirdi. Əla görünürdü.
Gülə-gülə kassaya yaxınlaşdı, papağın pulunu ödədi.
Çölə çıxanda qarşısında tamam yeni bir dünya açıldı... Çiçəklərin rənglərinin bu qədər gözəl olduğunu heç vaxt görməmişdi. Təmiz havanın xoş qoxusu, maşınların və insanların səsi ahəngdar bir melodiya kimi idi...
O, özünü çox gözəl hiss edirdi.
Ofis binasına çatanda mühafizəçi qapını açıb «sabahınız xeyir» dedi.
Liftdəkilər ondan neçənci mərtəbəni soruşdu, kimsə onun üçün düyməni basdı.
Ofisdəkilər bütün günü ona heyranlıqla baxdı, bu gün necə gözəl göründüyünü dedi, sanki onu ilk dəfə görürdülər.
Meneceri yeni iş barədə fikrini öyrənmək üçün onu nahara dəvət etdi.
Bu sehrli iş günü bitəndə Mariya hələ də gülümsəyirdi. Yaşadığı möcüzəli günü və həyatının bir anda necə dəyişdiyini düşünürdü. Hamısı yeni papaq sayəsində...
Taksiyə minib evə yollandı. Evə çatanda anası qapını açdı və Mariyanı görəndə heyrətdən donub qaldı: «Mariya, necə də gözəl görünürsən! Gözlərin uşaqlıqdakı kimi parıldayır!» dedi.
— Bəli, ana, hamısı yeni papağım sayəsindədir. Bu gün heyrətamiz bir gün keçirdim!
— Hansı papaq? — deyə anası çaşqın halda soruşdu.
Mariya narahat oldu. Üzündəki ifadə birdən dəyişdi. Başına toxundu və gördü ki, həyatını dəyişən papaq yoxdur. Taksiyə minəndə onu götürdüyünü xatırlamadı. Bəlkə naharda unutmuşdu? Ofisdə böyük həvəslə işləyərkən papağına heç toxunmamışdı da. Mağazanı yadına saldı: papağı ilk dəfə necə gördüyünü, necə geydiyini, ətrafdakıların heyranlığını, papağı götürüb kassaya getdiyini, pul kisəsini çıxarıb papağı masanın üstünə qoyduğunu xatırladı...
Amma!
Həyəcanından papağı piştaxtanın üstündə necə unutduğunu, gözləri parıltı içində papaqsız bayıra çıxdığını da xatırladı...
Mariyanı xoşbəxt edən bütün gün boyu yaşadığı düşüncə və hisslərin özü idi...
İnsan yaşadığı xoşbəxtlikdən ətrafına parlaq işıq saçır. Adi şeylər sehrli görünür, qaranlıqlar aydınlanır, yaşamaq eşqi güclənir.
Bir xoş söz insanın bütün dünyasını dəyişir. Xoşbəxtlik zahiri bir əşyada yox, insanın öz içində və ona göstərilən diqqətdədir.