Ailə və tərbiyə

Ana-ata sevgisi, övlad tərbiyəsi və yuva qurmaq. · 21 hekayə

Ailənizin dəyəri

Oğul: — Ata, sənə bir sual verə bilərəm?

Ata: — Bəli, buyur.

Oğul: — Ata, bir saat ərzində nə qədər pul qazanırsan?

Ata: — Bu, sənin işin deyil. Niyə belə şey soruşursan?

Oğul: — Sadəcə bilmək istəyirəm. Zəhmət olmasa, de: bir saata nə qədər qazanırsan?

Ata: — Əgər bu qədər maraqlanırsansa, bil: saatda 100 dollar qazanıram.

Oğul: — Ah! (Başını aşağı salır.) Ata, səndən 50 dollar borc ala bilərəm?

Ata əsəbiləşdi:

Ata: — Mən sənə mənasız bir oyuncaq almaq, yaxud əhəmiyyətsiz bir şeyə xərcləmək üçün borc verə bilmərəm. Dur otağına get və yat.

Oğul itaətlə otağına getdi və qapını səssizcə örtdü. Ata isə əsəbi halda otaqda var-gəl etməyə başladı. Bir müddət sonra sakitləşdi və öz-özünə düşündü: «Oğlumun 50 dollara niyə ehtiyacı olduğunu soruşmadan əsəbiləşdim, düzgün davranmadım.» Özünü qınayan ata oğlunun qapısını döydü.

Ata: — Oğlum, yatmısan?

Oğul: — Yox, ata, oyağam.

Ata otağa girib dedi:

Ata: — Düşündüm ki, sənə qarşı çox sərt davrandım. Günüm gərgin və yorucu keçdi, acısını da səndən çıxardım. Bağışla, oğlum. Budur, istədiyin 50 dollar. Al, ürəyin istəyən kimi xərclə.

Oğul: — Çox sağ ol, ata! — deyə gülümsədi və yastığının altından gizlətdiyi pulları çıxartdı. Pulları saydı, sonra atasına baxdı.

Ata: — Əgər pulun var idisə, niyə məndən əlavə pul istədin? — deyə yenidən əsəbiləşdi.

Oğul: — Çünki yığdığım pul istədiyim şeyi almağa çatmırdı. Amma indi yetərincə pulum var. Ata, indi mənim 100 dollarım var. Vaxtının bir saatını ala bilərəmmi? Zəhmət olmasa, sabah evə tez gəl. Səninlə birlikdə nahar etmək istəyirəm.

Ata sarsıldı, gözləri doldu. O, balaca oğlunu qucaqlayıb üzr istədi.

Pul qazanmaq üçün itirdiyimiz vaxtı çox zaman ən çox sevdiklərimizdən oğurlayırıq. Sevgi zaman istəyir; onu təxirə salma.

Ailənizin dəyəri illüstrasiyası

Alaq otlarını kökündən qoparmaq lazımdır

Məktəbli olarkən yay tətillərini ailəmizlə birlikdə bağımızda keçirərdik. Rəhmətlik atam bizi zəhmətə alışdırmaq istəyirdi. Özü işdə olduğu günlərdə bağ işlərini bizə tapşırardı. Bostan əkmişdi, sulamaq da bizim vəzifəmiz idi. Quyumuzun suyu içməyə yaramadığı üçün qonşumuz Ağasəlim dayının bağındakı quyudan içməli su daşıyardıq.

Torpağı belləməyi öyrənmişdik. Alaq işini də görürdük: belin köməyi ilə torpağın altını üstünə çevirər, alaq otlarını əzib qırardıq. Amma onlar o qədər də asanlıqla təmizlənmirdi. Bir gün atam bizi yanına çağırıb izah etdi: «Alaq otunu məhv etmək istəyirsinizsə, beli dərindən vurun; köklərini qoparmadan iş bitmir.»

Problemi də, pis vərdişi də kökündən qoparmasan, üzdən təmizlik aldadıcıdır — bir müddət sonra yenə baş qaldırar.

Alaq otlarını kökündən qoparmaq lazımdır illüstrasiyası

Ana sevgisi

Erix Fromm

1 yaşındayam — çox xoşbəxtəm, anam hər an mənimlədir!

2 yaşındayam — anam ara-sıra mənimlədir (görəsən, nələr olur?).

3 yaşındayam — anam işdədir, dayəm mənimlədir.

5 yaşındayam — anam iclasdadır, nənəm mənimlədir.

7 yaşındayam — anam seminardadır, mən məktəbdəyəm, müəllimim mənimlədir.

13 yaşındayam — yetkinlik çağındayam (anam hələ də işləməyə məcburdur), dostlarım mənimlədir.

17 yaşım tamam oldu — anam işdən yorğun gəlir. Sinif otağındayam, məktəbdəyəm, kafedəyəm; müəllimim mənimlədir.

20 yaşımda parlaq bir gəncəm — anam evdə yoxdur. Dostlarım mənimlədir.

23 yaşım tamam oldu, bir işə girdim — anam artıq evdədir. Mənsə işdəyəm.

30 yaşa çatdım — düşünürəm... anamla ən son nə vaxt birlikdə gözəl vaxt keçirmişik? Bu işdə bir qəriblik var!

35-i haqladım, evliyəm — anam öz evində, mən öz evimdə.

40 oldum artıq... — anam yolumu gözləyir. Eynilə mən uşaq olarkən onun yolunu gözlədiyim kimi...

50-yə çatdım — özüm yaşlandım, amma heç yaşlanmayan bircə arzum qaldı:

«Qəlbimi qəlbinə qovuşdurub ona sarılmaq, başımı dizləri üstünə qoymaq; yaşlanmış o yorğun dizləri üstünə...»

55 yaşımda bir ananın yanındayam, artıq daimi olaraq — övladlarımın anasının!

Anam isə... dünyasını dəyişib, mən onun həsrətiylə yaşayıram...

Adət etdiyimiz həyat axışında ən ciddi laqeydliyimiz övladlarımıza kifayət qədər vaxt ayıra bilməməyimizdir...

Uşaqlar doymadan seyr edə biləcəyimiz möhtəşəm bir həyat filminin ən mühüm iştirakçılarıdır. Haldan-hala, rəngdən-rəngə, şəkildən-şəklə düşərək dəyişirlər. Onları izləməyə laqeyd yanaşdıqca, həyat filminin sürətlə dəyişən kadrları arasında ötüb-keçən anları heç vaxt görə bilməyəcəyik.

Həyatın ötüb keçmiş bütün anlarını yenidən seyr etmək üçün «stop», «start», «irəli», «geri» düymələri olan bir alətin mövcud olmadığını dərk edəndə, inşallah, gec olmasın.

Övladını bu gün sev, bu gün öp, qoxusunu çək.

Bu gün tut əllərindən.

Bu gün onunla ol.

Onu bu gün seyr et.

Bugünkü bölümünü qətiyyən qaçırma!

Sabaha izləmədiyin bölümlərlə çıxmayasan,

ey sevimli ana... Ey gözəl ana...

«Ana sevgisi təmənnasız, qoruyucu və isti bir sığınacaqdır. Təmənnasız olduğu üçün heç bir təsirə məruz qalmaz, əldə də edilə bilməz.»

Ana sevgisi təmənnasız və əvəzsizdir. Sevdiklərinə bu gün vaxt ayır, çünki geri qaytara bilməyəcəyin yeganə şey vaxtdır.

Ana sevgisi illüstrasiyası

Ana və oğul

Adam əlindəki çamadanları divarın dibinə qoydu. Sonra dikəlib dərindən nəfəs aldı və anasına: «Ana, bura çox gözəl yer imiş», — dedi. «Əlbəttə, gözəldir, oğlum», — deyə yaşlı qadın cavab verdi. Bir müddət hər ikisi susdu, otağı diqqətlə nəzərdən keçirdilər.

Sonra qadın kiçik çamadanını açıb gecə paltarını, şəppişlərini, bir neçə dəsmalı və çərçivəyə salınmış bir şəkli çıxardı. Şəkli yatağının yanındakı masanın üzərinə qoydu.

Şəkildən məktəbli geyimində, əsgər duruşlu bir oğlan baxırdı. Gözləri dolmuş, dodaqları büzüşmüş bir uşaq...

Adam pəncərəyə yaxınlaşıb pərdəni açdı. Otağa solğun bir gün işığı doldu. Bayırda şaxta vardı. Əllərini qızdırıcıya söykəyib küçədən keçən, palçığa bulaşmış maşınları bir az seyr etdi. Sonra başını belə çevirmədən: «Bu şkaf sənə yetərmi, ana?» — deyə soruşdu.

Yaşlı qadın fikrə getdiyindən oğlunu eşitmədi belə. Yatağının üzərində azca yana əyilmiş halda gözlərini köhnəlmiş çərçivədəki ürkək baxışlı uşağa dikmişdi.

Bu, məktəbin ilk günü çəkdirdikləri şəkil idi.

Qadın birdən illər öncəsinə qayıtdı. Bir gün əvvəl saatlarla məktəbin nə qədər gözəl yer olduğunu başa salsa da, oğlunu sinif otağına güclə sala bilmişdi. Bütün günü məktəbdə qalmış, hər tənəffüsdə yanına gedib: «Mən buradayam, oğlum, səni gözləyirəm», — demişdi. Amma uşaq hər dəfə anasının əlindən daha da bərk yapışaraq: «Məni qoyub getmə, ana, çox qorxuram», — deyə ağlamışdı.

Günəş batmaq üzrə idi. Adam əllərini qızdırıcıdan çəkib tərləmiş pəncərəyə söykədi. «O biri çamadanını da aç, əşyalarını yerləşdirək, ana», — dedi.

«Sən yubanma, oğlum, mən özüm yerləşdirərəm. Onsuz da çox əşyam yoxdur», — dedi yaşlı qadın. Titrək əllərini uzadıb oğlunun əlini tutdu. Sanki bir şey deyəcəkmiş kimi oldu, amma sonra vaz keçdi. Udqundu: «Uşaqlar da nigaran qalar.»

Qapı cırıltıyla bağlandı. Yaşlı qadın boyaları qopub tökülmüş otaqda şəkildəki ürkək baxışlı, əsgər duruşlu oğlu ilə tək qaldı. Yataqda bir az oturduqdan sonra şəppişlərini geyib pərdəsi açıq pəncərənin yanına getdi. Oğlu maşına minirdi.

Qorxurdu yaşlı qadın. Bir gün əvvəl buranın nə qədər gözəl yer olduğunu saatlarla dinləməsinə baxmayaraq, qorxurdu.

Pəncərənin şüşəsində hələ də oğlunun əl izi qalmışdı. Yanağını üsulluca şüşədəki izə söykədi. Gözləri dolmuş, dodaqları büzüşmüşdü.

«Məni qoyub getmə, oğlum, çox qorxuram», — deyə pıçıldadı.

Kəlmələr sanki tərləmiş şüşəyə çırpılıb əridi və bayırda maşınında oturub ona əl edən oğluna tərəf axdı.

Yaşlı qadınla eyni mərtəbədə qalanlar o gecə hıçqırıqlı bir ağlama səsi eşitdilər. Onsuz da qocalar evində alışdıqları yeganə şey gecələr dəhlizlərdə dolaşan bu hıçqırıq səsləri idi.

Həyat bir dairədir: bir gün anasının əlindən yapışan uşaq, sabah həmin ananı tərk edə bilər. Valideynə göstərilən əsl vəfa cismani qayğı deyil, sevgi və diqqətdir.

Ana və oğul illüstrasiyası

Ata və oğul

Oğul atası ilə möhkəm mübahisədən sonra acıqlanıb evi tərk etmişdi. Buna görə qəlbi yaralanan ata da əsəbiləşmiş, evdə oğlunun adının belə çəkilməsini yasaq etmişdi. Ana isə hər gecə oğlunun yatağında oturub yastığını iyləyə-iyləyə yuxuya gedirdi.

— Oğlum üçün darıxdım. Nə olar, gedib onu tapaq, evə gətirək, — desə də, ata razılaşmırdı.

Aradan uzun müddət keçmişdi.

Bir gün ananın daim göz yaşı içində olduğunu görən atanın ona rəhmi gəldi; cibindən oğlunun ünvanı yazılmış bir kağız parçası çıxarıb anaya uzatdı:

— Get, bu ünvanda onu tapa bilərsən, — dedi. — Amma ünvanı mənim verdiyimi ona əsla söyləmə.

Ata daha bir neçə söz desə də, ana sanki onu eşitmirdi; ağlında yalnız ünvan qalmışdı. Sevincindən uçurdu. Dərhal hazırlaşıb yola düşdü və kağızda yazılan ünvana çatdı. Bura bir təmirxana imiş. Oğlu əynində kombinezon çalışırdı. Ana bir neçə dəqiqə gözləri yaşlı halda oğlunu süzdü, nəhayət ona tərəf yürüdü. Uzun müddət ailəsindən xəbərsiz qalan, hamının onu unutduğunu zənn edən oğul anasını görüncə əvvəlcə çaşdı, sonra ona bərk-bərk sarıldı.

Atasından başqa hər kəsi soruşdu, hal-əhval tutdu və sonda:

— O adam necədir, hələ də qəzəblidir? — deyə anasından soruşdu.

Ana bu sualı cavabsız qoyub:

— Haydı, oğlum, gedək evə, — dedi.

— Yox, ana, getməyəcəyəm. O adamla bir daha eyni evdə yaşaya bilmərəm, — dedi və iş yerinə tərəf yürüməyə başladı.

Bir müddət arxasınca oğlunu seyr edən ana hazırladığı şirniyyatı ona vermək üçün səsləndi.

Oğul sovqatı aldı:

— Nə olar, ana, israr etmə, gəlməyəcəyəm. Bir dəfə də olsun məni axtarmayan, mənimlə maraqlanmayan bir adamla eyni evdə yaşaya bilmərəm, — dedi.

Ana boynubükük halda:

— Olsun, bala, sən bilən məsləhətdir. Görürəm ki, qərarın qətidir, evə qayıtmayacaqsan. Amma atan tapşırdı ki, son bir aydır dostluq etdiyi adamdan uzaq dursun — ondan sənə xeyir gəlməyəcək. Qoy köhnə dostu ilə barışsın, — dedi.

Bunu eşidən oğul heyrətdən yerində donub qaldı.

Ana evə döndü və atanı qınadı:

— A kişi, harada olduğunu bilirdinsə, niyə məndən gizlədirdin? Demək, buna görə belə rahat idin?

Daim əsəbi görünən ata kövrəldi, gözlərindən yaş axdı:

— O mənim canımdır, canım, — dedi.

— Nə vaxtdan bilirsən? — deyə ana soruşdu.

— Getdiyi gündən. Bəzən günorta fasiləsində nə yeyib-içdiyini görmək üçün gedib uzaqdan izləyirdim. Hərdən evə gec gəlməyimin səbəbi də bu idi: axşamlar gedib oğlumuzun nə etdiyini, kimlərlə oturub-durduğunu bilmək üçün onu izləyirdim, — deyə ata cavab verdi.

İxtiyarlar bir-birinə sarılıb ağlayarkən qapı döyüldü. Ana göz yaşlarını silə-silə qapını açmağa getdi.

Oğul evə dönmüşdü. Valideynlərinin əlindən öpüb onları qucaqladı. Başa düşmüşdü — onu unutduğunu, qəlbindən qoparıb atdığını düşündüyü atasının əslində gözünü övladının üstündən heç ayırmadığını anlamışdı.

Sevgini gizlətmə, göstər. Bəzən vaxtında atılan bir addım illərlə davam edən küskünlüyün qarşısını alır.

Ata və oğul illüstrasiyası

Atanın izləri

Ata oğluna:

— Oğul, atdığın addımlara diqqət et!

Oğul atasına:

— Sən diqqət et, ata! Mən onsuz da sənin ardınca gəlirəm.

Ən güclü tərbiyə nümunədir. Uşaq sənin dediyini yox, atdığın addımı təkrarlayır.

Atanın izləri illüstrasiyası

Baba və nəvəsi bazarlıqda

Baba nəvəsi ilə supermarketə gəlir. Rəflərin arasından keçib ərzaqları seçir, zənbilə doldururlar. Bu vaxt nəvə hərdən «Mənə onu al, bunu al!» deyə çığırıb supermarketi başına götürür. Baba isə hər dəfə «Sakit ol, Arif, alış-verişi bitirib evə gedirik» deyir. Uşaq narazılığının son həddinə çatıb rəfdəki «Kinder Sürpriz»lərdən birini götürür, ayağının altına salıb əzir. Baba yenə «Sakit ol, Arif, alış-verişi bitirib evə gedirik» deyir, sonra məyus halda yaxınlıqdakı işçiyə müraciət edir: «Çox üzr istəyirəm, bunun da qiymətini ödəyəcəyəm.»

Nəhayət, kassada ödəniş edib baba ilə nəvə supermarketdən çıxırlar. Bütün bu əhvalatın şahidi olan bir xanım da onların arxasınca çıxır, babaya yaxınlaşıb deyir: «Ariflə davranışınıza heyran qaldım. Çox səbirli insansınız. Halal olsun!» Baba xanıma təşəkkür edir və gülümsəyir: «Uşağın adı Rafiqdir, Arif mənəm.»

Gərgin anda özünü ələ ala bilmək əsl güc əlamətidir. Sakitliyi qorumaq bəzən başqasını yox, öz-özünü ram etməkdir.

Baba və nəvəsi bazarlıqda illüstrasiyası

Bayrama hədiyyə

— Ağsaqqal, — dedim, — bayrama nə alım?

Dedi: — Bir neçə insanın könlünü al...

Bir neçə uşaqdan təbəssüm al... və

bacarırsansa, bir neçə fəqirin də duasını al...

Ən qiymətli hədiyyə pulla yox, ürəklə, diqqətlə ölçülür. Bayramı bayram edən bəzən aldığın yox, verdiyindir.

Bayrama hədiyyə illüstrasiyası

Bir tək anam ağlar

Bir tək anam ağlar, gerisi yalandan ağlar!

Bu dünyada çox sevgi görə bilərsən, amma ana sevgisi kimi şərtsiz və səmimi başqa sevgi yoxdur.

Bir tək anam ağlar illüstrasiyası

Dişləri gözləyirəm

Soyuq bir qış axşamı yaşlı bir cütlük McDonald's-ın qapısından içəri girib bir masaya oturur. Kişi kassaya gedib bir hamburger, bir böyük qutu kartof və bir də böyük Coca-Cola alıb gəlir. Hamburgeri ikiyə bölüb yarısını xanımının qabağına qoyur, kartofları da bir-bir sayaraq yarısını ona verir. Bir azdan Coca-Cola şüşəsini açır, əvvəlcə özü bir qurtum içir, sonra da xanımı.

Ətrafdakılar «bir nəfərlik yeməyi ikisi bölüşür, zavallılar» deyə onları seyr edirmiş.

Bir müddət keçəndən sonra görürlər ki, xanımın önündəki hamburgerlə kartof olduğu kimi qalıb. Xanım ərinin iştahla yemək yediyini seyr edir, arada bir də Coladan qurtum alır...

Nəhayət, gənc işçilərdən birinin səbri tükənir və cütlüyə yaxınlaşıb kişidən soruşur:

— Dayı, bağışlayın, bayaqdan sizi izləyirəm: siz yeyirsiniz, xanımınız isə yeməyə toxunmur. Bəyənmirsə, icazənizlə onun üçün başqa bir şey gətirim...

Yaşlı kişi:

— Təşəkkür edirəm, cavan oğlan, amma biz halımızdan məmnunuq... 60 ildir evliyik və hər şeyimizi beləcə bölüşürük, — deyir.

Bu cavaba qane olmayan gənc bu dəfə üzünü xanıma tutur:

— Xala can, siz niyə hamburgerinizi, kartofunuzu yemirsiniz, nəyi gözləyirsiniz?

Yaşlı xanım ərini göstərib belə cavab verir:

— Dişləri...! Dişləri gözləyirəm, bala.

Heç kim sevdiyinə möhtac qalmasın. Allah kimsəni, hətta öz ailəsində belə, çarəsiz qoymasın.

Dişləri gözləyirəm illüstrasiyası

Fakir Baykurtun unutmadığı ana nəsihəti

Bir gün Fakir Baykurt (türk yazıçısı, 1929-1999) anasından çay istəyir: «Ana, ürəyim çay istəyir, gəl bir çay içək» deyir. Ana oğlunun sözünü yerə salmayıb onu yaxınlıqdakı Topal Hüseynin çayxanasına aparır və «Usta, zəhmət olmasa, mənim balama bir stəkan çay gətir» deyə səslənir.

Çay gələndən sonra o anda yaşadığı həyəcandan çayın necə içiləcəyini bilməyən Fakir Baykurt isti çaydan böyük bir qurtum alır və ağzı yanınca stəkanı birdən yerə atır.

Çay stəkanı torpağa düşdüyü üçün qırılmasa da, Fakir Baykurt anasının ona bir şillə vuracağını düşünür. Amma belə olmur. Anası Topal Hüseyni çağırıb daha bir çay gətirməsini istəyir.

Baykurt ikinci çayı bu dəfə üfləyə-üfləyə içir. İllər boyu anasından o gün niyə şillə vurmadığını soruşsa da, anası bu sualı hər dəfə cavabsız qoyur...

Fakir Baykurtun anası bu sualın cavabını illər sonra oğlunun müəllimlik etdiyi kənd məktəbində verir. Anası Elif xanımın oğlunun dərsində iştirak etdiyi o günü Fakir Baykurt belə xatırlayır:

— Sinifdə dərs vaxtı əsəbiləşdim, coşdum, guruldadım! Dərs bitəndə bayırda anamdan soruşdum: «Anacan, necə oldu, müəllimliyimi bəyəndinmi?»

Anam isə: «Eh, nə deyim, oğul, pis deyildi» dedi.

— Ana, müfəttişlər gəlir, bəyənir, yaxşı qiymət verir. Sən isə deyirsən «pis deyildi». Bu necə ola bilər? — deyə soruşdum.

Anam isə hər kəsə dərs ola biləcək bu sözləri dedi: «İllər boyu məndən niyə şillə vurmadığımı soruşdun. İndi söyləyirəm, aç qulağını, dinlə!

Mən sənə çayı tökdüyün gün hirslənsəydim, içindəki aslan küsərdi. Döysəydim, o aslan ölərdi! Onda belə müəllim ola bilməzdin. Sən də mənim kimi davran, sakit ol. Kötəklə bu uşaqların içindəki aslanı öldürməyə çalışma.»

Uşağın içindəki «aslanı» — özünə inamını — döyməklə öldürmə. Əsl tərbiyə qorxu ilə yox, səbir və sevgi ilə verilir.

Fakir Baykurtun unutmadığı ana nəsihəti illüstrasiyası

İspanaq

Ucqar bir kənddə yaşayırdıq. Gediş-gəliş üçün düz-əməlli yolumuz da yox idi. Anam ispanaq aludəsi idi. Atamın ölümündən sonra uşaq vaxtı onun ağlını itirdiyindən şübhələnərdim...

«Bol-bol yemək lazımdır, bədənə güc verir» deyərdi anam və həm səhər, həm günorta, həm də axşam yeməyinə bizə ancaq ispanaq, üstəlik yanında elə hey qarğıdalı çörəyi yedizdirərdi. Artıq ispanağa nifrət edirdim, bu göyərtini görməyə gözüm yox idi.

Bir gün anama dedim: «Böyüyüb iş sahibi olanda, ailə quranda evə əsla ispanaq almayacağam. Evdə ispanaq yeməyi bişməyəcək.» O isə həmin günləri səbirsizliklə gözlədiyini, hətta yaşı neçə olursa-olsun, toyumda oynayacağına söz verdi.

Gün gəldi, orta məktəbdə oxumaq üçün kəndimizdən şəhərə köçdüm. Aldığım kiçik təqaüdlə birtəhər dolanırdım. Ayda bir dəfə evə gələndə anamın süfrəyə qoyduğu ispanaq yeməyindən bir qaşıq da yemək istəmirdim. Yataqxanaya qayıdıb ancaq nəfis yeməklər yemək istəyirdim.

Oxudum. Dövlət krediti ilə universiteti, magistraturanı, doktoranturanı bitirəndə anam artıq beli bükülmüş bir qoca idi. Evlənəcəyim qızla kəndə gəlib toy edəndə yaşlı anam həm ağladı, həm də illər öncə söz verdiyi kimi toyumda oynadı. O oynayanda anamın niyə göz yaşı tökdüyünü o vaxt anlaya bilməmişdim.

Aradan illər keçdi. Anam iki il öncə vəfat etdi.

Bir gün anamın köhnə sandığında o vaxtlar tutduğu xatirə dəftərini tapdım. Dəftərin bir səhifəsində anam belə yazmışdı: «Əlimdə sadəcə ispanaq toxumu qalmışdı. Daim ispanaq, bir az da qarğıdalı əkib becərirdim. Nə əldə vardı, nə ovucda. Uşaqlarım ac qalmasın deyə hey bu yeməyi bişirib verirdim. Amma üsyan etmirdim. “İspanaq çox faydalıdır, ona görə gündə üç dəfə sizə bu yeməyi verirəm” deyəndə ürəyim ağrıyırdı. Balalarım üçün əlimdən ancaq bu gəlirdi. Onları canımdan çox sevirəm.»

Əlli yaşında sevdim ispanaq yeməyini. Xanımım hey təəccüblə evə niyə bu qədər tez-tez ispanaq aldığımı soruşur, elə bilir ki, ispanağı çox sevirəm. Amma bilmir ki, mən hər dəfə o yeməyin qoxusunu duyanda anamın məni böyütmək üçün etdiyi fədakarlıqları, toyumda ağlaya-ağlaya oynadığını xatırlayıram...

Ananın imkansızlıqdakı fədakarlığını çox vaxt illər sonra anlayırıq. Sevgi bəzən bir boşqab sadə yeməkdə gizlənir.

İspanaq illüstrasiyası

Müdrik atanın oğluna öyüd-nəsihətlərindən

Ey mənim sevimli oğlum!

İnsan övladının hər birində başqaları ilə müxtəlif münasibətlər qurmağa yarayan bir ağıl olmalıdır. Bu ağıl bütün səadət və xoşbəxtliyin tükənməz qaynağıdır.

Həyatdan doymaq olmaz; qısa və ya uzun olması onun qiymətini azaltmaz.

Meyvə ancaq yetişəndə gözəlcə budaqdan enər. Bunun kimi, insanların da gün görmüş, təcrübəlilərini hər zaman üstün tutublar.

İnsan oğlu gənclik illərində etdiyi qəbahətləri, adətən, düşünüb-daşınmadan edir. Lakin sonralar onları xatırlayanda bu suçlar qəlbinə xəncər kimi saplanar, canını sıxar.

Gəncliyində doğru və yaxşı yolla gedənlər bunun əvəzində qocalıqlarında hörmət və ehtiram görər.

Güclü və qüvvətli olmaq yaxşıdır. Lakin qüvvət ağlın əmrinə verilməlidir.

Aləmlərin yaradıcısı olan Uca Tanrı insan övladını bu dünyaya əbədi yaşamaq üçün göndərməmiş, həyatın sonunda ölümü dadmasını istəmişdir.

Bunu da yaxşı bil: Uca Tanrı məni bu yaşımadək sapbasağlam saxlayan iki şeyi yaxşıca sınamış və özümə adət etmişəm. Bunlardan biri az yemək, digəri isə yediyimi həzm etmək üçün gəzib-dolaşmaqdır.

Bunu da bilməyini istəyirəm: bu dünyada üç cür insan var:

Birincisi — ağlı və fikri yerində olan, gələcəyi az-çox görüb düşünən insanlardır;

İkincisi — yolunun doğru, yoxsa əyri olduğunu bilməkdən uzaq olan, amma bu hala öz istəyi ilə deyil, ətrafındakıların təsiri ilə düşən kimsələrdir. Nəsihət ediləndə qəbul edər, söz dinləyərlər.

Üçüncüsü isə — nə özü bir şeydən xəbərdardır, nə edilən nəsihətə qulaq asır, həm də hər şeyi bildiyini sanır. Bunlar hamısından zavallıdır.

Ey oğul!

Uca Tanrı səni birinci sırada saydığım insanlardan yaratmışsa, sevinərəm.

İkincilərdənsənsə, sənə edilən nəsihətlərə qulaq verməyini tövsiyə edərəm.

Qətiyyən üçüncülərdən olma. Onlar nə Tanrıya, nə də insanlara qarşı yaxşı bir durumda deyil.

Ağıl səadətin qaynağı, qüvvət isə ağlın xidmətçisidir. Nəsihətə qulaq asan ucalır; hər şeyi bildiyini güman edən isə həlak olur.

Müdrik atanın oğluna öyüd-nəsihətlərindən illüstrasiyası

Satılıq küçüklər

Dükanın pəncərəsinə «satılıq küçüklərimiz var» yazılmış bir kağız yapışdırıldığını görən balaca bir oğlan dükana girdi:

— Küçükləri neçəyə satırsınız? — deyə soruşdu.

— Otuz-əlli dollar arası. Hər birinin ayrı qiyməti var, — dedi dükan sahibi.

Balaca oğlan əlini cibinə salıb nə qədər pulu var idisə çıxarıb dükançının önünə qoydu, sonra hamısını diqqətlə saydı. Ən sonda məyus səslə:

— Mənim bütün pulum on üç dollar iyirmi yeddi sentdir, — dedi. Sonra dərindən nəfəs alaraq:

— Heç olmasa küçükləri görə bilərəmmi? — deyə soruşdu.

Dükançı gülümsədi və küçükləri gətirmək üçün arxa otaqdakı xanımına səsləndi. Bir azdan qadın, arxasınca da beş şipşirin, toppuş küçük otaqdan çıxdı. Ancaq küçüklərdən biri çox çətinliklə yeriyirdi. Uşaq gözlərini o küçüyə dikdi:

— Buna nə olub? Niyə yeriyə bilmir? — deyə soruşdu.

— Baytarımız qılça sümüyünün anadangəlmə qüsurlu olduğunu dedi. Heç vaxt rahat yeriyə bilməyəcək, — deyə dükan sahibi cavab verdi.

Bunu eşidən uşaq həyəcanla:

— Mən məhz bu küçüyü almaq istəyirəm, — deyincə dükan sahibi:

— Onu almaq istəyəcəyini sanmıram, övladım. İstəsən, onu sənə hədiyyə edim, — dedi.

Balaca oğlanın çox əsəbiləşdiyi gözlərindən bəlli idi. Dükan sahibinin gözlərinin içinə dik-dik baxdı:

— Onu mənə hədiyyə etmənizi istəmirəm. O küçük də digərləri qədər dəyərlidir. Sizə indi on üç dollar iyirmi yeddi sent verə bilərəm, amma otuz dollar tamamlanana qədər hər həftə beş dollar gətirəcəyəm, — dedi.

Dükançı:

— O küçüyü həqiqətən istəməzsən, oğlum. O, səninlə o biriləri kimi qaçıb oynaya bilməyəcək, — deyincə balaca oğlan:

— Amma ona şans verməliyik, o da hər küçük qədər dəyərlidir, — deyərək üsyan etdi. Sonra əyilib şalvarının balağını yavaşca yuxarı çəkdi, uşaq fələci ucbatından xəsarət almış ayağını, dəmir dəstəkləri göstərdi. Sonra adama dönüb yumşaq səslə dedi:

— Əmi can, mən də qaçıb oynaya bilmirəm. Bu küçüyün də, mənim də bizi anlayacaq, dəstək olacaq dostlara ehtiyacımız var.

Hər canlının onu anlayacaq, dəstək olacaq bir dosta ehtiyacı var. Fərqli olan da o birilər qədər dəyərlidir; ona şans vermək lazımdır.

Satılıq küçüklər illüstrasiyası

Tökülən dişlər

Bir şah yuxusunda bütün dişlərinin töküldüyünü görər, yuxuyozan birini çağırdıb bunun mənasını soruşar. Adam: «Şah sağ olsun, bu o deməkdir ki, bütün qohum-əqrəbanız öləcək, ən sonda ölən siz olacaqsınız» deyə cavab verər. Şah qəzəblənib adamı qovar, başqasını çağırdıb ona da eyni sualı verər və: «Şah sağ olsun, ailənizdə ən uzunömürlü siz olacaqsınız» cavabını alar. Şah bu cavabdan çox razı qalar və adamı mükafatlandırıb yola salar.

Eyni həqiqət kobud da, incə də deyilə bilər. Söz həm yaralayır, həm sağaldır — necə deməyi bacar.

Tökülən dişlər illüstrasiyası

Yoruldum ana

Yoruldum, ana

— Yoruldum, ana...

— Nədən, oğlum?

— Hər şeydən: çalışmaqdan, dostlardan, gəzməkdən, daim kimisə məmnun edim deyə məsuliyyət daşımaqdan yoruldum, çox yoruldum.

— Başını qoy dizimə və rahatla, oğul, bir anlıq hər şeyi unut... ağrılarını mənə ver...

— Sağ ol, anam, yaxşı ki varsan; səninlə unuduram yaşımı, yaşantımı. Var ol, anam.

— Ana həyat verəndir, oğlum, həmişə yanındayam.

— Anam, bizlər də səni çox yoruruq, bağışla bizi.

— Məni siz yormursunuz, oğlum. Mənim yorğunluğum anasızlığımdır. Başımı qoymağa «ana dizi»m yoxdur, oğlum... Sən yorulma, əlindəkilərin qiymətini bil...

Ana qucağı dünyanın ən rahat sığınacağıdır. Anası olan yorğunluğunu qoyacağı bir yer həmişə tapar — əlindəkinin qədrini bil.

Yoruldum ana illüstrasiyası

Yuvanın qurucusu

Yuvanı dişi quş qurar.

Yuvanı quran, ailəni ayaqda saxlayan qadındır. Onun zəhmətini görmək və qiymətləndirmək lazımdır.

Yuvanın qurucusu illüstrasiyası

Çürük toxum

Xanımı vəfat etdikdən sonra daim xəstəliklərdən əziyyət çəkən kiçik oğlunu «çürük toxum» adlandıran ata onu xor görür və yetimlər evinə verir.

İllər keçir.

Bir gün bu adam artıq böyümüş oğlunu bir məktəbin qarşısında görür. Gözlərinə inanmır. Oğlunun işıl-işıl parıldayan gözlərini, sağlam bədənini peşmanlıqla seyr edən ata həyəcanla:

— Mən sənin sağalacağına, səndən adam olacağına inanmırdım. Cüssəli bir pəhləvan olmusan. Bu möcüzə necə baş verdi? Xəstəliklərdən necə qurtuldun? — deyə oğluna müraciət edir.

Oğlan nəmli gözlərini bir zamanlar onu xor görən atasına zilləyir, qarşı tərəfdən gülümsəyə-gülümsəyə ona yaxınlaşan — onu övladlığa götürmüş — yaşlı xanımı göstərib deyir:

— Sən «çürük toxum cücərməz» deyib məni yetimlər evinə verəndən sonra bu xanım məni oğulluğa götürdü və «sevgi ilə sulanan hər toxum cücərər» deyə şəfqətli əllərini heç üstümdən əksik etmədi.

Söz ya böyüdür, ya məhv edir. Kimisə bir kəlmə ilə ucaltmaq da, çökdürmək də mümkündür — sevgi ilə sulanan hər toxum cücərər.

Çürük toxum illüstrasiyası

Övlad tərbiyəsi

Bir ailədə valideynlərinin sözünə baxmayan bir oğlan uşağı var idi. Onlar nə deyirdisə, uşaq bunun əksini edirdi. Oğlanın məktəbdə də işləri pis gedirdi. Nə dərslərini həvəslə oxuyur, nə də ev tapşırıqlarını tam yerinə yetirirdi. Anası əsəbləşib onu döysə də, xeyri olmurdu. Atası onu otağa salıb cəza versə də, uşağın öhdəsindən gələ bilmirdi.

Bir gün çarəsiz qalan ana uşağı məktəbə aparanda yolda bir «ayı təlimçisinə» rast gəlir. Ətrafdakı insanların maraqla əhatə etdiyi təlimçi qaval çalır, burnuna halqa taxılmış ayı isə tullanıb oynayırdı.

Qadın dayanıb fikrə getdi. Öz-özünə dedi: «Mən bu uşağı tərbiyə edə bilmirəm, bu adam isə gör ayını necə tərbiyə edib!»

Sonra ayı təlimçisinə yaxınlaşıb soruşdu: — Mən uşağımın öhdəsindən gələ bilmirəm, siz bu vəhşi heyvanı necə öyrədirsiniz?

Adam gülümsədi: — Hər şeyin bir yolu var. Mənim də öz tərbiyə üsulum var.

Qadın dedi: — Xahiş edirəm, mənə kömək edin.

Ayı təlimçisi oğlana baxaraq: — Çətin bir iş yoxdur. Onu bir həftəlik mənə həvalə edin, itaətkar edim, — dedi.

Qadın sevindi və hər gün uşağı ayı təlimçisinin yanına aparıb-gətirməyə başladı.

Cəmi bir neçə gün keçməsinə baxmayaraq, uşağın davranışı yavaş-yavaş düzəlməyə başladı. O, artıq anasına etiraz etmirdi. Bir həftə sonra uşaq tam qadının istədiyi kimi oldu. Qadın çox sevinirdi. O, ayı təlimçisinə razılığını bildirib ona çoxlu dualar etdi.

Qonum-qonşu bu işə çox təəccübləndi. O itaətsiz, üsyankar uşaq getmiş, yerinə sakit, dinc, tərbiyəli bir uşaq gəlmişdi.

Məktəbdə müəllimi də uşaqdakı bu dəyişiklikdən məmnun qalıb ananı təbrik etmişdi. Lakin dəyişiklik uzun sürmədi. Əvvəlki kimi iddialı və qəzəbli olmasa da, oğlan bu dəfə sinif yoldaşlarının əşyalarını oğurlamağa, gizli işlər görməyə və göz görə-görə yalan danışmağa başladı. Müəllim uşağın anasına zəng edib dedi: «Bilmirəm nə edəcəksiniz, amma uşağınız çox qəribə olub. Oğurluğa və yalana başlayıb.» Qadın çox kədərləndi. Pərişan halda ayı təlimçisini axtarmağa getsə də, onu tapa bilmədi. Adam oralardan çıxıb getmişdi.

Valideynlərin çarəsiz halını görən dünyagörmüş qonşuları dedi: «Narahat olmayın, mən böyük ürəkli, müdrik bir adam tanıyıram. İstəsəniz, onun yanına gedin və vəziyyəti izah edin.»

Qadın razılaşdı. Uşağını götürüb bu müdrikin yanına apardı. Adam vəziyyətlə tanış olandan sonra dedi: — Bu gözəl gənci bir həftəlik mənə verin, görüm nə edə bilirəm. — Qadın təklifi qəbul etdi.

Uşağı bu müdrikin yanına aparıb-gətirməyə başladı.

Cəmi iki görüşdən sonra adam çox pərişan oldu. Uşağın anasına dedi: — Siz bu uşağa nə etmisiniz? Onda heyvan xüsusiyyətləri görürəm. — Qadın təəccübləndi: — Mən heç nə etməmişəm, sadəcə bir vaxtlar uşaq çox nadinc olduğu üçün onu ayı təlimçisinin yanına aparıb-gətirirdim.

Adam çox əsəbiləşdi: — Sizcə, bir heyvan təlimçisi uşağa tərbiyə verə bilərmi? Heyvanlar qorxu ilə, insanlar isə vicdanla tərbiyə olunur. Heyvanları bəzən döyməklə, söyməklə, cəzalandırmaqla intizama gətirirlər; bu da kömək etməzsə, onları qaranlıq otağa salıb çarəsiz vəziyyətə düşürürlər. Siz öz uşağınızı heyvan təlimçisinə necə həvalə edə bilərsiniz?

Sonra sözünə davam etdi: — Unutmayın ki, tərbiyə uşağın üstünə getmək deyil, onun qəlbinə girib ona şəfqətlə təsir etməkdir. Övladınızı götürüb gedin. Ona yaxın olun, öpüb-qucaqlayın, onu dinləyin, sevginizi ondan əsirgəməyin. Övladınıza nə qədər çox sevgi göstərsəniz, o bir o qədər yumşalacaq, onu sevən valideynləri olduğunu görəcək, sizə inamı, məhəbbəti artacaq.

— Övladınızın əlacı nə ayı təlimçisi, nə də mənəm; yalnız siz — valideynlərsiniz, — deyə müdrik adam sözünü bitirdi.

Uşaq qorxu ilə yox, sevgi ilə tərbiyə olunur. Övladına tərbiyə verən təlimçi və ya kənar adam deyil — sevgi göstərən valideyndir.

Övlad tərbiyəsi illüstrasiyası

Əlimi tut

Balaca qız və atası körpüdən keçirlər. Ata bir az narahat olub qızından əlini tutmasını istəyir:

— Şirin qızım, əlimi yaxşı tut ki, çaya yıxılmayasan.

Balaca qız cavab verir:

— Yox, ata, sən mənim əlimi tut.

Bir az çaşbaş qalan ata maraqla soruşur:

— Fərqi nədir ki?

— Çox böyük fərqi var, — deyə qızcığaz cavab verir. — Əgər mən sənin əlini tutsam və mənə nəsə olsa, ola bilər ki, əlini buraxım. Amma sən mənim əlimi tutsan, əminəm ki, nə olursa olsun, əlimi buraxmazsan.

Sevginin gücü buraxmamaqdadır. Səni sevənlərin əlini gözləməkdənsə, sən onların əlindən möhkəm tut.

Əlimi tut illüstrasiyası

Ən gözəl hədiyyə

Ata üçün — izzət,

ana üçün — hörmət,

övlad üçün — şəfqət,

həyat yoldaşı üçün — sevgi,

dost üçün — vəfa,

cəmiyyət üçün — xidmət,

rəhmətlik üçün — dua,

dünya üçün — insanlıq,

axirət üçün — dünyada yaxşılıq.

Hər münasibətin öz ən gözəl hədiyyəsi var: ataya izzət, anaya hörmət, dosta vəfa, insanlığa xidmət.

Ən gözəl hədiyyə illüstrasiyası